Sosial mediada məxfilik hüququ

Açar sözlər: sosial media, məxfilik, paylaşım, hesab, şəxsi həyat, şəxsi həyatın toxunulmazlığı, cinayət məsuliyyəti.

Abstrakt: Məqalədə son zamanlardan gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş sosial mediaya anlayış verilmiş, onun ictimai münasibətlərə, habelə hüquqlarımıza təsiri aydınlaşdırılmışdır.

“Sosial mediada məxfilik hüququ” nədir? sualı araşdırılarkən həm statistik göstəricilər, həm real praktikaya əsaslanmaqla müxtəlif ölkələrdəki hüquqi tənzimləmə mexanizmləri müqayisəli tədqiq edilmişdir.

Belə bir hüququn mövcudluğu müzakirə olunmuş, sosial media ilə bağlı cinayətlər ilə əlaqələndirilmişdir.

Sosial media gündəlik həyatımızın bütün sferalarında öz təsirini getdikcə artırır. Artıq həmin təsir o qədər çoxşaxəli olub ki, hazırda sosial mediaya qəti bir anlayış vermək çətinlik yaradır.

Ən ümumi şəkildə sosial media şəxs(lər)in düşüncələrini, ideyalarını və ən müxtəlif informasiyaları internet əsaslı texnologiya vasitəsilə paylaşmasıdır. Sosial Mediadan istifadə son on ildə sürətlə artıb və sosial, peşəkar və hətta vətəndaş cəmiyyətlərdə əsas rol oynayır. Başqa sözlə, sosial medianın yüksəlişi “şəbəkə fərdiləşməsinə” gətirib çıxardı.[1]

Fərqli sosial media platfrormaları bəzən informasiyanın da fərqli format və məqsədlərlə paylaşılmasını tələb edir ki, sanki virtual məkan və zamanın yarandığı bu platformalar, beləliklə hüquqlarımıza da toxuna bilir.

Sosial medianın əl çatanlığını və istifadəçilərin sayının çoxluğunu nəzərə alan qanunvericiliyimiz müəyyən edir ki, bir sıra cinayətlərin məhz sosail mediadadan istifadə törədilməsi ağırlaşdırıcı hal hesab edilir.[2]

Bununla belə, sosial media  yalnız müxtəlif cinayətlərin törədilməsi  üçün məkan və ya vasitə deyil – burada sonsuz sayda istifadəçi ilə paylaşdığımız məlumatlar başqa cinayətlər üçün obyektə çevrilir.

Məxfilik hüququ məhz yuxarıda göstərilən və sosial media platformalarına məxsus olan spesifik xüsusiyyətlər nəzərə alınmaqla artıq yeni bir növə şaxələnir – sosial mediada məxfilik hüququ. Bu hüquq özündə sosial media platformalarında göndərilən video, fotoşəkillərin və ya mesajlaşmaların, eləcə də şəxsi məlumatların mühafizə edilməsini ehtiva edir.

Bu mühafizənin obyektindən asılı olaraq sosial mediada məxfiliyi iki cür analiz edə bilərik:

  1. Şəxsi və məxfi məlumatların sosial mediada paylaşılması – sosial medianın yayma üçün vasitə kimi çıxış etdiyi hal;
  2. Sosial medianın açılması və istifadəsi zamanı istifadə olunan, platforma daxili informasiyaların mühafizəsiz qaldığı hal.

İlk qeyd edilən halda, sosial mediada məxfilik hüququna birbaşa və dolayı yolla qanunvericiliyimizdə təminat verilir.  AR Konstitusiyasının 32-ci madəsinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Şəxsi toxunulmazlıq hüququ 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsinə görə əsas insan hüququ kimi tanınır və bu maddədə deyilir: “Heç kəs şəxsi həyatına, ailəsinə, mənzilinə və ya yazışmalarına özbaşına müdaxiləyə məruz qala bilməz”

Dünyadakı statistika göstərir ki, göstərilən pozuntular ən çox sosial media platformalarında baş verir.[3] Tendensiyanın səbəbləri isə müxtəlifdir: ayrı-ayrı şəxslərin öz məlumatlarını yeni tanıdıqları adamlara etibar etməsi, proqram təminatları ilə yaxından tanış olamamaları, hüquqi dünyagörüşünün zəifliyi və ən əsası sosial media xakerləri.

Milli tənzimetməyə qayıtsaq, “Media haqqında” AR qanunu sosial mediada şəxsi məlumatların (məxfiliyin) qorunması üçün bir sıra tələblər irəli sürür: şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların mediada yayılmasına yol verilməməlidir; şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına yol verilməməlidir.[4]

Göründüyü kimi istər dünya, istərsə də milli praktikada sosial mediadan istifadə edərək başqalarının məxfilik hüquqlarını pozma insan hüquqlarının pozuntusu kimi tanınır və sanksiya ilə qorunur.

Bəs müxtəlif platfromalarla hesab və istifadəçi profili açmaq üçün istifadə etdiyimiz məlumatlar, oradakı yazışmalar və ya daxil etdiyimiz ən müxtəlif ödəniş qabiliyyətli informasiyalar nə dərəcədə qorunur?

Sosial mediada məxfilik hüququmuzun bu cəhətdən müdafiəsini həm dövlət, həm də sosial media platformalarını yaradan və ya səhmlərini əlində tutan şirkətlər qorumağa çalışır. İlk olaraq, əsas qanunumuz 32-ci maddəsinin 3-cü bəndində göstərir ki: “Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.” Ümumi şəkildə ifadə olunan yazışma və danışıq anlayışlarına bu gün sosial media platfromalarının kütləvi istifadəsini nəzərə alaraq, sosial şəbəkələrdəki yazışmaları və danışıqları da aid etmək düzgün olardı.

Sosial şəbəkə istifadəçilərin 91% -i sosial mediada paylaşdıqları şəxsi məlumatlar üzərində öz nəzarətlərini itirdiklərini qəbul edir və düşünürlər ki, bu məlumatlar rahatlıqla dostları, tanışları, xüsusilə şirkətlər və hökümətlər tərəfindən toplana bilər.[5]

İnsanların bu sahədə olan inamsızlığını azaltmaq və öz reputasiyalarına zərər vurmamaq üçün Facebook, Twitter və Whatsapp kimi iri şirkətlər daxili yazışmaların kodlandığına təminat verir, hətta öz daxili tənzim etmə qaydalarını pozan istifadəçilərini “cəzalandırırlar”. Lakin profilin bağlanması kimi təzahür edən bu sanksiyalar, təbii, ki elə də çəkindirici olmur. Digər tərəfdən şirkətlər bir başa olaraq məxfi məlumatların istifadə edilməməsinə təminat versə də, dolayı yolla onları öz məqsədləri üçün analiz edir.[6]

Nəticə olaraq, istər dövlət istərsə də şirkətlər səviyyəsində sosial mediada məxfilik hüququna təminat verilir. Lakin sosial medianın virtual əlaqələrdən mövcud olması, şəxsiyyətin eyniləşdirilməsi ilə bağlı problemlər və hüquq pozuntularının dünyanın hər bölgəsindən həyata keçirilməsinin mümkünlüyü bu təminatın praktiki tətbiqini çətinləşdirir. Düşünürük ki, sosial mediadan istifadə edən əhalinin həm hüquqi, həm də informasiyaların düzgün müdafiəsi barədə maarifləndirilməsi sosial mediada məxfilik hüququnun realizəsinə öz təsirini göstərəcək.

Qanunvericilik səviyyəsində isə göstərilən cinayətlər üçün sanksiyaların artırılması və hər sosial media platformasında adı çəkilən hüququn qorunması ilə bağlı ayrıca qarşılıqlı tənzimetmə mexanizmi yaradılması baş verə biləcək hüquq pozuntularının sayını əhəmiyyətli dərəcədə azaldacaqdır.

İstifadə olunmuş ədəbiyyat

  1. Azərbaycan Respublikasının Konstitusiyası
  2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
  3. Azərbaycan Respublikası “Media haqqinda” qanunu
  4. Wolf, Maxim; Sims, Julian; and Yang, Huadong, “Social Media? What Social Media?” (2018). UK Academy for Information Systems Conference Proceedings 2018. 3. https://aisel.aisnet.org/ukais2018/3
  5. Papacharissi, Z. (2010) A private sphere: Democracy in a digital age. Cambridge polity press
  6. Saeri, A. K., Ogilvie, C., La Macchia, S. T., Smith, J. R., & Louis, W. R. (2014). Predicting Facebook users’ online privacy protection: Risk, trust, norm focus theory, and the theory of planned behaviour.
  7. Trepte, S. (2020). The social media privacy model: Privacy and communication in the light of social media affordances. Communication Theory. Online First https://doi.org/10.1093/ct/qtz035
  8. Social Media and Privacy Xinru Page, Sara Berrios, Daricia Wilkinson+, Pamela J. Wisniewski, Brigham Young University, Department of Computer Science
  9. Rutledge Facebooka qarşı, 12 oktyabr 2011
  10. Quinn, K. (2014). An ecological approach to privacy: “Doing” online privacy at midlife. Journal of Broadcasting & Electronic Media
  11. Papacharissi, Z. (2010). A private sphere: Democracy in a digital age. Cambridge: Polity
  12. Papacharissi, Z. (2010). A private sphere: Democracy in a digital age. Cambridge: Polity
  13. Papacharissi, Z. (2010). A private sphere: Democracy in a digital age. Cambridge: Polity
  14. Papacharissi, Z. (2010). A private sphere: Democracy in a digital age. Cambridge: Polity

İstinadlar.

[1] Social Media and Privacy Xinru Page, Sara Berrios, Daricia Wilkinson+, Pamela J. Wisniewski, Brigham Young University, Department of Computer Science

[2] Məsələn: AR Cinayət Məcəlləsinin 234.4.4 – cü maddəsi

[3] Victims of Identity Theft, 2018, NCJ, April 2021 Publication Series – Şəxsiyyətin oğurlanması ilə baölı cinayətlər, 2018, Ədalət Statistikası bürosu, Aprel 2021, dərclər

[4] “AR Media haqqında” qanununun 14-cü və 15-ci maddələri

[5] Quinn, K. (2014). An ecological approach to privacy: “Doing” online privacy at midlife. Journal of Broadcasting & Electronic Media

[6] Rutledge  Facebooka qarşı, 12 oktyabr 2011