Təmir hüququ (right to repair)

D
ünyada hadisələr zaman keçdikcə daha sürətlə inkişaf edir və bu, əlbəttə, insanlar arasında formalaşan ictimai münasibətlərə də təsirsiz ötüşmür. Xüsusilə də, texnologiya sahəsində baş verən inqilabi yeniliklər insan hüquqlarının dairəsinin genişlənməsinə və müdafiə mexanizmlərinin təkmilləşməsinə gətirib çıxarır. Texnoloji inkişafla şərtlənən yeni insan hüquqlarından biri də təmir hüququdur ki, Amerika və Avropa qitələrində bu hüququn tanınması üçün ictimai təşkilatlar və hərəkatlar formalaşdırılmışdır, həmçinin, istehsalçılar üzərində ictimai təzyiq getdikcə güclənməkdədir [6]. Avropa İttifaqı (Aİ) və ABŞ-da bu hüququn tanınması ilə bağlı hüquqi prosedurun artıq başlandığını söyləyə bilərik.

Əslində, bu hüququn tanınması ilə bağlı ilk addımlar əsrin əvvəllərində ABŞ-da senator Paul Wellstone, Nümayəndələr palatasının üzvləri Joe Barton və Edolphus Towns tərəfindən atılmışdır. 2001-ci ilin avqust ayında adıçəkilən şəxslər müvafiq palatalara avtomobil istehsalçılarının təmirlə bağlı haqsız inhisarına son qoyulması məqsədilə qanun layihəsi təqdim etmişlər [5]. Təmirlə bağlı lazımi informasiyanın yalnız istehsalçılarda olması hüquqi baxımdan ədalətli qəbul edilmirdi. Təmir hüququ Qanununun versiyalarından biri ilk dəfə Nyu Cersi ştatında Nümayəndələr palatasında böyük səs çoxluğu ilə qəbul edilsə də, Senatdan keçmədi [5]. Nəhayət, 2012-ci il 31 iyul tarixində Massaçusets ştatının parlamentində Təmir hüququ Qanunu qəbul edildi [5]. Mühərrikli Nəqliyat Vasitələri Sahiblərinin Təmir Hüququ adlanan başqa bir Qanun isə həmin ilin 6 noyabr tarixində adıçəkilən ştatda referenduma çıxarıldı və seçicilərin 86 %-i Qanunun lehinə səs verdi [7]. İki fərqli Qanun arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə 26 noyabr 2013-cü ildə H. 3757 adlı yeni Qanun qüvvəyə mindi [5]. Massaçusets ştatında qəbul edilən Qanunun digər ştatlarda da tətbiq olunması ilə əlaqədar 2014-cü ilin əvvəllərində bir neçə təşkilat və assosiasiya tərəfindən çoxtərəfli memorandum imzalandı [1].

Təmir hüququnun yenidən aktuallıq qazanması məhz 2019-cu ilə təsadüf edir. Həmin il Təmir Hüququ Koalisiyası 2012-ci ildə qəbul edilən Qanunların təmir sexlərinin avtomobillərdə plug-in portlarına girişini təmin etdiyini, lakin müasir avtomobillərdə belə bir girişin olmadığını və daha çox simsiz əlaqədən istifadə edildiyini əsas gətirərək məsələni ictimailəşdirdi [4]. Avropa İttifaqı isə 2017-ci ildə üzv dövlətlər üçün qəbul etdiyi bir sıra Tövsiyə sənədlərində istehlakçıların elektronik əşyalarını təmir etmə hüquqlarının tanınması zəruriliyini qeyd etmişdir [10]. Beləliklə, 2019-cu ildə ABŞ-da Təmir hüququ hərəkatı başladıldı və qısa müddətdə bu kampaniya Avropaya da yayılmış oldu. Bu hərəkata qoşulanlar içərisində təmir qrupları, ətraf mühit fəalları, sosial təsərrüfat subyektləri və digər tərəfdarların adını çəkə bilərik [12]. Avropa İttifaqı üzrə hərəkatın 3 əsas məqsədi müəyyənləşdirilmişdir ki, bunların ilki İttifaq qanunvericiliyinin smartfonlar, noutbuklar və digər IT məhsullarından başlayaraq əsas komponentlərin asanlıqla sökülməsini və dəyişdirilməsini təmin etmək üçün minimum dizayn tələblərini müəyyənləşdirməsinə nail olmaqdır [11]. Aİ qanunvericiliyinin istehsalçı şirkətlər üçün müəyyən dizayn tələbləri qoyması müxtəlif aspektlərdən mübahisələndirilə bilər. Bu halda xüsusilə də, dizaynerlər üçün fəaliyyət sahəsinin xeyli daralacağını söyləmək mümkündür.

İkinci məqsəd kimi təmirçilər üçün ehtiyat hissələrinə və təmir məlumatlarına giriş imkanı verən qanunvericilik bazasının ədalətli və əhatəli, həmçinin, istehsalçılardan asılı olmayan milli reyestrlərdə müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur [11]. Bu tələb təmir hüququnun təminatı baxımından zəruri olsa da, məsələnin istehsalçı tərəfində ciddi problemlərə də səbəb ola bilər. Yuxarıda da qeyd etdiyimiz ki, bir çox istehsalçı şirkət təmir hüququna məhz təhlükəsizlik və gizliliyin pozulmasını əsas gətirərək qarşı çıxırlar.

Nəhayət, hərəkatın sonuncu məqsədi bütün Aİ-da enerji istehlak edən məhsullar üçün mövcud enerji etiketinin bir hissəsi kimi Bal Sisteminin yaradılmasıdır [11]. Bu, əlbəttə, məhsulun təmir oluna bilmə dərəcəsinin alıcılar tərəfindən asanlıqla müəyyən edilməsinə hesablanmışdır. Adıçəkilən sistem reallaşacağı təqdirdə alıcılar birdəfəlik istifadədən çox təmirlə uzun müddət istifadə oluna biləcək məhsulları əldə edə biləcəklər. Bu məqsədlərə qismən nail olunduğunu söyləyə bilərik. Belə ki, Avropa Parlamenti 25 noyabr 2020-ci ildə qəbul etdiyi “Biznes və istehlakçılar üçün daha dayanıqlı vahid bazara doğru” qərarda satış zamanı ehtiyat hissələri və təmirlə bağlı məlumatların verilməsi və təmir xidmətlərinin daha sistemli və məhsuldar hala gətirilməsinin təmin edilməsi məqsədilə Avropa Komissiyasına istehlakçının təmir hüququnun formalaşdırılması çağırışını etdi [9]. 10 fevral 2021-ci ildə Yeni Dövri İqtisadi Fəaliyyət Planı haqqında Qərarında bu çağırışını təkrarlamış və yuxarıda bəhs etdiyimiz Bal sisteminin yaradılması da bu Qərarda öz əksini tapmışdır [8]. Ümumilikdə, planlara nəzər yetirdiyimiz zaman Aİ-da təmir hüququna daha çox ətraf mühitin qorunması və insan hüquqları prizmasından yanaşıldığını söyləyə bilərik.

9 iyul 2021-ci il tarixində ABŞ-da Prezident tərəfindən “Amerika İqtisadiyyatında Rəqabətin Təşviqi” haqqında İcraedici Sərəncam imzalandı. Sərəncam çoxşaxəli olub əsas etibarilə iqtisadiyyatda mövcud rəqabət problemlərini həll etmək, eyni zamanda rəqabəti təşviq etmək məqsədi güdür və o da qeyd olunmalıdır ki, Sərəncamın məzmunu çoxlu sayda federal egentliyin təşəbbüslərini özündə cəmləşdirir [3]. İlk hissəsində Amerika iqtisadiyyatındakı mövcud problemlər və Sərəncamın onların həlli istiqamətində rolu qeyd olunmuşdur [2]. Mövzumuza – təmir hüququna dair məsələlər isə Digər Agentlik Öhdəlikləri adlanan 5-ci Hissənin h bəndinin II yarımbəndinə əsasən Federal Ticarət Komissiyasının sədri qurumun normayaratma səlahiyyətindən istifadə etməklə rəqabətə əngəl törədən davamlı və təkrarlanan qaydaları ələ almaq məqsədilə güclü istehsalçılar tərəfindən müəyyən edilən və fermerlərin öz avadanlıqlarını təmir etmələrinə mane olan məhdudiyyətlər, ümumilikdə, üçüncü şəxslər tərəfindən təmir və ya öz-özünə təmirlə bağlı haqsız rəqabətə səbəb olan qadağalar barədə tədbirlər görməlidir [2]. Bu müddəadan belə başa düşmək olar ki, istehsalçının əşyanın təmiri ilə bağlı məlumatları özündə saxlaması haqsız rəqabət kimi qiymətləndirilir və təmir hüququ məhz bu kontekstdə təmin edilir. Əlbəttə, bu işin sadəcə bir aspektidir, çünki təmir hüququ çoxşaxəli bir məsələ olduğundan gələcəkdə qanunvericiliklərdə təmir hüququnun digər əsaslarının təsbit olunuduğunu da görə bilərik.

Adıçəkilən Hissənin s bəndinin III yarımbəndində isə Müdafiə Nazirinin Sərəncamın tarixindən 180 gündən gec olmayaraq avadanlıqların təmiri ilə bağlı Nazirlik və ya xidmət üzvləri üçün müəyyən çətinliklər yaradan satınalma müqavilələri şərtlərindən yayınma planı barədə Ağ Ev Rəqabət Şurasının sədrinə hesabat təqdim etməsi öhdəliyi nəzərdə tutulmuşdur [2]. Burada konkret tarix və əməli iş müəyyən olunmuşdur, düşünə bilərik ki, təmir hüququ ilk növbədə hərbi istehsalatda tətbiq olunacaq. Ancaq istənilən halda bu Sərəncam yeni insan hüquqlarından biri olan təmir hüququnun hüquqi təminatının formalaşdırılmasında tarixi əhəmiyyət daşıyır.

Beləliklə, qeyd olunanlara əsasən qarşıdakı aylarda təmir hüququnun tanınması ilə bağlı Aİ və ABŞ-da qanunvericilik səviyyəsində daha ciddi və konkret addımların atılacağını söyləmək mümkündür. Maraqlıdır ki, ABŞ təmir hüququna iqtisadi rəqabət cəhətdən, Aİ isə daha çox ətraf mühit və insan hüquqları baxımından yanaşır və müvafiq qərarları bu əsaslarla qəbul edirlər. Digər tərəfdən, hər nə qədər elektronika sahəsində bir çox əsas istehsalçı şirkət müxtəlif əsaslarla təmir hüququnun tanınmasının əleyhinə olsalar da, bu prosesin qarşısında tab gətirə bilmələri indiki şəraitdə real görünmür.

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

  1. Automakers agree to ‘right to repair’ deal . https://www.autonews.com/article/20140125/RETAIL05/301279936/automakers-agree-to-right-to-repair-deal
  1. Executive Order on Promoting Competition in the American Economy | The White House. https://www.whitehouse.gov/briefing-room/presidential-actions/2021/07/09/executive-order-on-promoting-competition-in-the-american-economy/
  1. FACT SHEET: Executive Order on Promoting Competition in the American Economy | The White House. https://www.whitehouse.gov/briefing-room/statements-releases/2021/07/09/fact-sheet-executive-order-on-promoting-competition-in-the-american-economy/
  1. Massachusetts Right to Repair Coalition Re-Forms to Close Loophole. https://associationsnow.com/2019/02/massachusetts-right-repair-coalition-re-forms-close-loophole/
  1. Motor Vehicle Owners’ Right to Repair Act – Wikipedia. https://en.wikipedia.org/wiki/Motor_Vehicle_Owners%27_Right_to_Repair_Act#cite_note-Autoparts_Report-4
  1. Right to repair movement gains power in US and Europe. https://www.bbc.com/news/technology-57744091
  1. Right to repair Question 1 – 2012 Massachusetts Election Results – Boston.com. http://archive.boston.com/news/special/politics/2012/general/mass-ballot-question-1-election-results-2012.html
  1. Texts adopted – New Circular Economy Action Plan – Wednesday, 10 February 2021. https://www.europarl.europa.eu/doceo/document/TA-9-2021-0040_EN.html
  1. Texts adopted – Towards a more sustainable single market for business and consumers – Wednesday, 25 November 2020. https://www.europarl.europa.eu/doceo/document/TA-9-2020-0318_EN.html
  1. The European Parliament Wants Europeans to Have the Right to Repair. https://www.vice.com/en/article/9kwaa5/the-european-parliament-wants-europeans-to-have-the-right-to-repair
  1. What we want – Right to Repair Europe

What we want

  1. Who we are – Right to Repair Europe

Who we are

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.