İş yerlərində baş verən korrupsiya halları ilə bağlı məlumat vermənin əsasları

İlk dəfə 1963-cü ildə Otto Otepkanın təhlükəsizlik riskləri ilə bağlı ABŞ Senatına verdiyi hesabatda istifadə edilən bu termin 1980-ci illərdə geniş şəkildə araşdırılmağa başlanılmışdır.1 Terminin mənbəyi polisin cinayət törətməkdə olan şəxsə xəbərdarlıq etmək məqsədilə fit (ingiliscə whistle) çalmasından gəlir. Türk dilində bu terminin qarşılığı kimi “ihbarcılık”, “ifşa”, “muhbirlik” kimi ifadələrdən istifadə edilir. Azərbaycan dilində isə geniş şəkildə “korrupsiya faktı ilə bağlı məlumat vermə”, qısa formada isə sadəcə “məlumat vermə” ifadələrindən istifadə edilir.

Müxtəlif ədəbiyyatlarda çeşidli izahlar verilmişdir. Bir qrup araşdırmaçı bu ifadəyə “iş yerlərində baş verən qanun pozuntuları ilə  bağlı bu vəziyyətin qarşısını alacaq şəxslərə və qurumlara məlumat vermək” kimi anlayış verir.2 Başqa bir qrup şəxs isə daha geniş anlayış verir. Onlara görə özəl, dövlət qurumu fərq etmədən hər bir müəssisədə baş verən etik davranış qaydalarından kənar, çirkli pulların yuyulması, pulların ölkə xaricinə çıxarılması, qurumun vəsaitinin şəxsi mənfəət üçün istifadə edilməsi və bu kimi qeyri-qanuni hərəkətlər “məlumat vermə”nin mövzularıdır. De Graaf məlumatvermə mövzuları işləmiş və onları sistemləşdirmişdir. Bu mövzulara rüşvət, nepotizm, büdcə vəsaitlərinin oğurlanması, səlahiyyətlərdən sui-istifadə, qurumun sahib olduğu məlumatların yanlış şəkildə istifadə edilməsi, ayrı-seçkilik və s.3

Beynəlxalq Əmək Təşkilatı bu ifadəyə “keçmiş yaxud hazırkı işçi tərəfindən işəgötürənlərin qanunsuz, təhlükəli və qeyri-etik hərəkətlərinin bildirilməsi” kimi tərif verir.4

Tipologiyasına görə məlumatvermə iki cür olur : rəsmi və qeyri-rəsmi. İlk növdə adından göründüyü kimi rəsmi şəkildə quruma verilir və araşdırma protokollaşdırılır. İkinci növdə isə məlumat qurumda çalışan şəxsin öz iş yoldaşlarına yaxud yaxınlarına danışması yolu ilə yayılır. Bu iki növ məlumat verənin kimliyinin bilinməsi və ya anonim olmasına görə də iki yerə ayrılır. Məlumatvermə mənbəyinə görə də iki qrupu fərqləndirə bilərik : daxili və xarici. Belə ki, əgər məlumat qurum rəhbərliyinə yaxud qurum daxilindəki digər səlahiyyətli şəxslərə bildirilərsə, bu daxili məlumatvermə hesab olunur. Daxili məlumatvermədə rəhbərliyə etimad, inam mühüm rol oynayır. Şəxs rəhbərlərinə məlumat verdikdən sonra işin həll edilməsinə, müsbət nəticə verəcəyinə inanmalıdır. Əgər məlumat verən şəxs məlumatın ciddi araşdırılmayacağını düşünərsə, bu zaman bu sahədə fəaliyyət göstərən səlahiyyətli orqanlardan yardım alır (xarici məlumatvermə). Araşdırmalara görə xarici məlumatvermə daha effektiv təsir bağışlayır. Səbəbi isə çox sadədir. Xarici məlumatvermələrin sayı həm daha çoxdur, həm də daxildə birinə məlumat verən şəxs sonradan şikayət etdiyi şəxsin onun barəsində məlumat əldə edəcəyindən, onu sıxışdıracağından, maaşının azaldılacağından qorxur. Bunlara baxmayaraq, şəxs çalışdığı qurumun işgüzar nüfuzunu zədələməmək üçün məsləhətdir ki, qanunsuzluğu qurum daxilində həll etmək üçün rəhbər şəxslərə məlumat versin. Onu da qeyd edək ki, verilən məlumatların heç də hamısı doğru olmaya bilər. Əhəmiyyətli olan məntiqi dəlillərin təqdim edilməsidir.5

Ümumiyyətlə, məlumat verən şəxsin kimliyi çox ziddiyyətlidir. Bir qrup insan onları “məlumat daşıyan”, “qurumu ləkələməyə çalışan” kimi gördüyü halda, başqaları onları korrupsiyaya qarşı mübarizəyə öz dəstəyini göstərən layiqli vətəndaşlar kimi qiymətləndirirlər.8 Qanun pozuntularını görən və ya ona məruz qalan şəxsləri 3 qrupa ayıra bilərik : görməzdən gələnlər, qanunsuzluğa qarşı mübarizə aparanlar, qanunsuzluqla barışmayıb işini tərk edənlər.

Çalışdığı qurumdakı qeyri-qanuni halların aradan qaldırılmasını arzu edən şəxslərin motivasiyası da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, o, özünü riskə atdığını düşünür və bunun qarşılığında həmin halın aradan qalxmasını, pozuntu törədən şəxslərin cəzalandırılmasını istəyir. Lakin aparılan araşdırmalar göstərir ki, uğurlu nəticə 50%-dən daha azdır. Məlumat verən şəxs bunun nəticəsini görməyəndə narazı qalır. Artıq növbəti bu cür hal baş verərsə, məlumat verməyə istəkli olmayacaqdır. Çünki nəticəsinin olmayacağına inanır. Əksinə, müsbət nəticəsi olarsa, həm digər işçilər cəsarətlənir, həm də şəxsin çalışdığı quruma bağlılığı artır. Qurum rəhbəri bu məsələdə maraqlı olmalıdır ki, işçilər də çalışdıqları qurumun daha yaxşı hala gəlməsinə çalışsınlar. Əməkdaş qurumdakı qeyri-qanuni hərəkətlərin çox ciddi nəticələrə səbəb olacağını görür, bu barədə səlahiyyətli şəxslərə əsaslı dəlillər təqdim edir və onların məsələyə biganə yanaşdığını görərsə bu təqdirdə o, fəaliyyət göstərdiyi müəssisədəki qanun pozuntuları ilə bağlı səlahiyyətli qurumlara yaxud KİV-ə məlumat verir.

Maraqlı bir fakta baxaq. 2002-ci ildə ABŞ-da “İlin adamı” mükafatı 3 xanıma verilmişdir. Bu 3 xanımın ortaq tərəfi çalışdıqları qurumdakı qeyri-qanuni, peşə etikasından kənar hərəkətlərlə bağlı səlahiyyətli orqanları xəbərdar etmələri idi.9 Onların içərisində bir nəfəri xüsusilə vurğulamaq istərdik. Coleen Rowley Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşıdır. 11 sentyabr hadisələrindən öncə bəzi şübhəli şəxslərin təyyarə uçuşu ilə bağlı xüsusi dərslər aldığını öz rəhbərlərinə bildirmiş, lakin onlar Rowleyin məlumatlarına əhəmiyyət verməmiş, bu əhəmiyyətli faktları görməzdən gəlmişdilər. Hadisədən sonra xanım əməkdaş 13 səhifədən ibarət hesabat hazırlamış və onu Senatın Kəşfiyyat Komitəsinə təqdim etmişdir. Xanım bir sıra ayrı-seçkiliyə məruz qalsa da, 2002-ci ildə “İlin adamı” mükafatının sahiblərindən biri olmuş və hazırda da fəaliyyətini davam etdirməkdədir.

Azərbaycan Respublikası qanunvericiliyinə müraciət edək. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 11-2-ci maddəsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlıdır. Maddədə birbaşa olaraq göstərilmişdir ki, hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmçinin, məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Beynəlxalq qanunvericilik korrupsiyanın qarşısının alınması ilə yanaşı, məlumat verən şəxslərin müdafiəsi məsələsini də diqqətdə saxlayır. Məlumat verən şəxslərin qorunması ilə bağlı şərtlər bir sıra beynəlxalq sənədlərdə təsbit olunmuşdur. Buraya aiddir : BMT-nin Korrupsiyaya qarşı Konvensiyası, Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya, Korrupsiya ilə əlaqədar mülki məsuliyyəti haqqında Konvensiya, Beynəlxalq Biznes Əməliyyatlarında Xarici Ölkələrin Vəzifəli Şəxslərinin Rüşvətinə qarşı 2009-cu il İƏİT Tövsiyəsi, Korrupsiyaya qarşı Amerika Konvensiyası və Korrupsiya ilə Mübarizə haqqında Afrika Birliyi Konvensiyası və s. Bu kimi sənədlər dövlətlərə öz qanunvericiliklərini inkişaf etdirmələri üçün rəhbər rol oynayır. Bəzi dövlətlər öz qanunvericilik sistemlərinə korrupsiya faktı ilə bağlı məlumat verən şəxslərin qorunması ilə bağlı müddəaları özündə əks etdirən qanunlar əlavə etmişlər (Yaponiya, CAR, İngiltərə və s.). Kanadanın cinayət qanunvericiliyə görə isə işəgötürən tərəfindən korrupsiya faktı barədə məlumat verən işçisinə qisas məqsədli hər hansısa zərər vura bilməz.10 AR və Koreya kimi dövlətlərin korrupsiyaya qarşı mübarizə haqqında qanunlarında korrupsiya faktı ilə bağlı məlumat verən bütün şəxslərin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır.

Əksər qanunvericilik aktları məlumat verən şəxsin anonimliyi məsələsinə də ciddi əhəmiyyət verir. ABŞ qanunvericiliyə görə şəxsin kimliyi xüsusi komissiyanın ictimai və dövlət maraqlarına ciddi təhdid olması qənaətinə gəldiyi halda açıqlanır. Əks halda bu, qadağandır. Ümumiyyətlə, məlumat verən şəxslərin qorunması məsələsində ən ideal qanunvericilik Böyük Britaniya, Lüksemburq, Rumıniya və Sloveniyada formalaşdırılmışdır. Nə qədər təəccüblü olsa da, Finlandiya və İspaniya kimi ölkələrdə sözügedən məsələ ilə bağlı qanunvericilik aktı yox səviyyəsindədir.

Son olaraq, mövcud problemlərdən və onların həlli yolları ilə bağlı məsələləri müzakirə edək. 2011-ci il “Global Integrity” hesabatına görə, bir çox dövlət qurumlarında “qaynar xətt” və bu kimi vasitələrlə məlumat verilməsi üçün imkanlar yaradılsa da, korrupsiya faktları barəsində məlumat verən şəxslərin qorunması ilə bağlı konkret mexanizm mövcud deyil. Hesabatda göstərilmişdir ki, qüvvədə olan qanunvericilikdə korrupsiya halları barədə məlumat verən dövlət qulluqçularının hüquqları ilə bağlı məsələyə toxunulmamışdır.11 Bu ölkələr sırasına Azərbaycan Respublikası da daxildir.

Bəzi xalqların mədəniyyətindən qaynaqlanan problemlər də ciddi rol oynayır. İnsanların məlumat verməkdən çəkinməsinin əsas səbəblərindən biri də “xəbərçi”, “satqın” damğasını yeməkdən, aşağılanmaqdan qorxmalarıdır. Tədricən elə bir mədəniyyət formalaşdırılmalıdır ki, qurumlarda qanun pozuntuları geniş vüsət almamış dərhal rəhbərliyə yaxud səlahiyyətli qurumlara məlumat vaxtında çatdırılsın. İnsanlar arasında bu mövzu ilə bağlı maarifləndirici təlimlərin keçirilməsi yaxşı olardı. İş yerlərində vaxtaşırı seminarlar keçirilməli, təklif və irad qutusu olmalıdır. Bu zaman anonimlik də qorunmuş olur. Həmçinin, qanunvericilik sistemi təkmilləşdirilməli, beynəlxalq qanunvericiliyin prinsipləri rəhbər tutularaq korrupsiya faktı ilə bağlı məlumat verən şəxslərin qorunması ilə bağlı yeni qanun qəbul edilməlidir. Artıq elə bir hüquqi mühit formalaşdırılmalıdır ki, məlumat verən şəxs qanuna güvənsin və rahat bir şəkildə pozuntularla bağlı məlumat versin. Statistik göstəricilərdən də göründüyü kimi korrupsiyanın qarşısının alınmasında şəxslərin məlumat verməsi ciddi rol oynayır. Cinayət törədildikdən sonra araşdırılması da uzun bir proses çəkdiyindən büdcə vəsaitləri sərf olunur. Səlahiyyətli qurumlar öncədən məlumatlı olduğu halda isə, büdcəyə qənaət olması ilə yanaşı, həmin qurumların iş yükü də yüngülləşir.

Korrupsiyanın qarşısının alınması cəbhəsində dövlət tək olmamalıdır. Vətəndaşların da bu məqsədə xidmət etməsi rifah səviyyəsinin qalxmasına, korrupsiyanın minimuma endirilməsinə zəmin yaradır. Özümüzdə məlumat vermə mədəniyyətini formalaşdırmalı, pozuntulara göz yummamalıyıq. İş yerlərində də bu mühit formalaşsa, işçilər tərəfindən ictimai nəzarət olsa, qurumlarda korrupsiya halının baş vermə ehtimalı ən aşağı səviyyəyə enəcəkdir. Əlbəttə ki, bu cinayət heç vaxt tam bitməyəcək. Lakin bacardığımız qədər onun səviyyəsinin sıfıra yaxınlaşması üçün çalışmalıyıq.

 

 ƏDƏBİYYAT SİYAHISI

  1. Peters, Charles, Taylor Branch (1972), “Blowing the Whistle; Dissent in the Public Interest”, Praeger Publishers, New York
  2. AKTAN, Can, Coşkun, Organizasyonlarda Yanlış Uygulamalara Karşı Bir Sivil Erdem, Ahlaki Tepki ve Vicdani Ret Davranışı: Whistleblowing, Mercek Dergisi, 2006, s. 1
  3. KEENAN, J. P., (2007), “Comparing Chinese and American Managers on Whistleblowing”, Employ Respons Rights, 19, 85-94.
  4. https://www.ilo.org/wcmsp5/groups/public/—ed_dialogue/—sector/documents/publication/wcms_718048.pdf
  5. TRUELSON, J. A. (1994), “Whistleblowers and Their Protection”, Handbook of Administrative Ethics, (Ed. Terry L. Cooper), Marcel Dekker, New York.
  6. Vadera, Abhijeet K., Ruth V. Aguilera, Brianna, B. Caza (2009), “Making Sense of Whistle-Blowing’s Antecedents: Learning from Research on Identity and Ethics Programs”, Business Ethics Quarterly, 19(4), s. 553-586
  7. https://www.acfe.com/uploadedfiles/acfe_website/content/rttn/2012-report-to-nations.pdf
  8. Rothschild, Joyce, Terance D. Miethe (1999), “Whistle-Blower Disclosures and Management Retaliation: The Battle to Control Information About Organizational Corruption”, Work and Occupations, 26(1), s. 107-128.
  9. https://public.opendatasoft.com/explore/dataset/times-person-of-the-year/table/?sort=year
  10. https://laws-lois.justice.gc.ca/eng/acts/c-46
  11. https://www.globalintegrity.org/wp-content/uploads/2019/08/GIRScorecard2011_Azerbaijan_comments.pdf

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.