19 dekabr 2022-ci il tarixində keçirilən Ali Məhkəmənin Plenum iclasında “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarına əlavə və dəyişikliklər qəbul edilmişdir.
Plenum qərarına edilən əlavə və dəyişikliklərin əsas məqsədi bu sahə üzrə keçirilmiş Monitorinqin nəticələrinə dair aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması və uşaqların üstün mənafeləri nəzərə alınmaqla, psixoloji inkişaflarının təmin edilməsi baxımından əhəmiyyətli olan öz valideynləri və digər qohumları ilə ünsiyyətin daha real, dolğun və bütün mümkün vasitələrlə həyata keçirilməsini təmin etmək olmuşdur.
Qəbul edilən əlavə və dəyişikliklər əsasən aşağıdakı məsələləri əhatə etmişdir:
– uşaqla ünsiyyət vaxtı müəyyən edilən zaman ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığı, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərinin nəzərə alınmalı olması;
– daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsi;
– ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinin mümkünlüyü;
– ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formaları olan yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrin tətbiqi;
– valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icranın mərhələli şəkildə həyata keçirilməsini ehtiva edən icra qaydası və müddətini göstərilməsi;
– uşaqla ünsiyyətə dair qəyyumluq və himayə orqanının rəyində təklif edilən ünsiyyət qaydasının Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmələr üçün məcburi olmayıb, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olması.