13 fevral – Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi

Azərbaycan Respublikasında hər il fevralın 13-ü  Ali Məhkəmənin yaradılmasının ildönümü qeyd olunduğu kimi 2023-cü ildə də Ali məhkəmənin 100 illik yubileyi qeyd olunacaq. Bir əsrlik tarixə malik Ali Məhkəmə, Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsinə əsasən, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 77-ci maddəsində baxılan konstitusion müddəa inkişaf etdirilərək göstərilir ki, Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən kommersiya və inzibati mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir. Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.

Ümumi məhkəmə sisteminin, o cümlədən, Ali məhkəmənin inkişafında Müasir Azərbaycan Respublikasının hüquqi sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti böyük rola malikdir. Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin tərkibində məhkəmə sahəsinə dair qanunlara yenidən baxılması barədə xüsusi komissiya təşkil etmişdi. Bu komissiyaya Ali Məhkəmənin təsis edilməsi qrupu da daxil idi. Həmin komissiya 1920-ci ilin mart ayında Ali Məhkəmə fəaliyyətini həyata keçirəcək Azərbaycan Senatının Əsasnaməsinin layihəsini hazırlayıb qəbul edilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə təqdim etmişdi. Lakin əfsuslar olsun ki, bolşevik ordusunun Azərbaycanı işğal etməsi buna imkan vermədi. Sonrakı illərdə isə Sovet İttifaqı dövründə Azərbaycanda tamamilə fərqli məhkəmə sistemi yaradıldı. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1922-ci il 9 dekabrda keçirilən 2-ci sessiyasında “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında Əsasnamə” qəbul edildi. Azərbaycan SSR MİK “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında” Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli 8 saylı qərar qəbul etdi. Bu qərarda Azərbaycan Ali Məhkəməsinin 1923-cü il martın 1-dən fəaliyyətə başlaması müəyyən olundu. Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması günü məhz fevralın 13-ü ilə bağlıdır. Sovet hakimiyyəti illərində məhkəmə sistemi haqqında qanunvericiliyin növbəti inkişaf mərhələsi kimi, 1927-ci ildə “Azərbaycan SSR məhkəmə quruluşu haqqında” Əsasnamənin qəbul edilməsini göstərmək olar. Lakin bu Əsasnamənin qəbulu ilə Ali Məhkəmə və Xalq Ədliyyə Komissarlığının fəaliyyətlərində məhkəmələr və müdafiəçilər kollegiyası üzərində nəzarət və onlara rəhbərlik məsələlərində paralellik və təkrarçılıq əmələ gəlmişdi. Bu problem 1930-cu ilə qədər davam etmişdi və həmin ildə Azərbaycan SSR Ədliyyə Komissarlığının ləğvindən sonra məhkəmə sisteminin idarə edilməsi ilə əlaqədar olan bütün funksiyalar Azərbaycan SSR Ali Məhkəməsinə keçdi.

Müasir Azərbaycan Respublikasında Ali məhkəmənin effektivliyini artırmaq və hüquqi məsələlərin daha sabit həll olunması üçün bir sıra islahatlar aparılmışdır. Ölkədə aparılan məhkəmə-hüquq islahatları nəticəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması Ali Məhkəmənin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi ilk dəfə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli, 604 №-li Fərmanının 3.2-ci hissəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilmiş, bu məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır. Həmçinin, həmin Fərmanın 6.1-ci hissəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi tövsiyə edilmişdir. Qeyd edilən tövsiyə və tapşırıqların icrası nəticəsində 29 noyabr 2019-cu ildə “Məhkəmələr və hakimlər haqqında” Qanuna “Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması” adlı yeni 79-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin müddəalarına görə, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.

Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini aşağıdakılar vasitəsilə formalaşdırır:

– baxdığı işlər üzrə məhkəmə kollegiyalarının qərarları;

– Ali Məhkəmənin Plenumunun qərarları, 

– Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar.

Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınır.

Məhkəmə fəaliyyətinin monitorinqi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək, eləcə də hüququn və onun tətbiqi təcrübəsinin inkişaf etdirilməsinə nail olmaq məqsədilə Ali Məhkəmənin Plenumunun maddi və prosessual normaların tətbiqi üzrə izahını nəzərdə tutan qərarının (qərarlarının) məhkəmələrdə tətbiqi vəziyyətinə dair məlumatların toplanılması, təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsi sahəsində Ali Məhkəmə tərəfindən planlaşdırılan və kompleks şəkildə həyata keçirilən fəaliyyətdir. Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası Məhkəmə-Hüquq Şurasının 29 fevral 2020-ci il tarixli, 1 №-li qərarı ilə təsdiq edilmişdir.

Ümumiləşdirsək, Ali Məhkəmə, yəni Kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansyası məhkəməsinə apellyasiya şikayətinə və ya apellyasiya protestinə məhkəmə istintaqı aparılmaqla, yaxud da bunsuz baxılması haqda göstəriş vermək, habelə özü bu barədə qərar qəbul etmək səlahiyyətində deyil. Ali Məhkəmənin əsas fəaliyyət istiqamətlərindən biri də Məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatların verilməsidir. Bu fəaliyyət istiqamətinin realizə edilməsi üçün Ali Məhkəmənin Plenumunda müxtəlif məsələlərə dair məhkəmə təcrübəsi haqqında qərarlar qəbul edilir. Məsələn, Ali Məhkəmənin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli və s. qərarları məhz məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatların verilməsinə yönəlmişdir. 

Mənbələr:

  1. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli, 604 №-li Fərmanı.
  2. Ələsgərov F. Məhkəmə – hüquq islahatlarının strategiyası 
  3. Həsənova S.C., Sadıqov H.M. – Azərbaycan Respublikası məhkəmələrinin yaranması və inkişafı. 
  4. Bayramov M.A. –  Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti.

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.