Xülasə
Rəqəmsallaşma, informasiya cəmiyyəti quruculuğu insan hüquq və azadlıqlarının təminatını asanlaşdırsa belə, hələ də qadın hüquqlarının qorunması problemi aktual olaraq qalır. Baxmayaraq ki, müasir dövrün hüquqşünasları artıq qadın hüquqları ayrıca bir hüquq kimi şərh olunmamalıdır deyə yanaşmalar sərgiləyirlər. Mövcud statistik rəqəmlər hələ də qadınların hüquqlarının pozulduğunu, gender bərabərsizliyinin mövcudluğunu təsdiq edir. Həmin statistik rəqəmlərin Azərbaycan simasında təhlilinə əsasən, hələ də gender bərabərsizliyinin hökm sürdüyünü və bu faktın rəqəmsal bərabərsizlik üçün də əsas amil kimi çıxış etdiyini qeyd edə bilərik. Məqalədə rəqəmsallaşmanın qadın hüquqlarına təsirindən söz açılır.
Açar sözlər: insan hüquqları, qadın hüquqları, informasiya cəmiyyəti, rəqəmsallaşma, gender bərabərsizliyi, rəqəmsal bərabərsizlik
Bəşəriyyət yarandığı gündən cəmiyyət dövrün tələblərindən irəli gələrək, dəyişikliklərə uğramışdır. Belə ki, elm və texnika sahəsində əldə olunan nailiyyətlər nəticə etibarilə cəmiyyətin müxtəlif sferalarına öz təsirini göstərmişdir və bu da nəticə etibarilə informasiya inqilablarının baş verməsini şərtləndirmişdir. Qeyd etmək lazımdır ki, bəşər tarixinə beş informasiya inqilabı məlumdur, lakin ədəbiyyatda altıncı informasiya inqilabı barəsində də mövqelərə rast gəlmək olar. İnformasiya kommunikasiya texnologiyalarının meydana gəlməsi bu informasiya inqilabları arasında özünəməxsus mövqeyə malikdir. Belə ki, İKT-nin yaranması dördüncü informasiya inqilabı ilə bağlıdır. Dördüncü informasiya inqilabı isə öz növbəsində XIX əsrin sonunda elektrik cərəyanının kəşfinin nəticəsi olaraq teleqraf, telefon və radionun yaranması ilə bağlı olmuşdur. Teleqraf, telefon və radionun yaranması informasiyanı ixtiyari həcmdə və yüksək sürətlə ötürməyə və eləcə də, informasiyanı qəbul edib saxlamağa imkan verir. Beləliklə, informasiya kommunikasiya vasitələri yarandı. Lakin bəzi müəlliflər dördüncü informasiya inqilabından yan keçirlər. Belə ki, bu müəlliflər elektrik cərəyanın kəşf edilməsi nəticəsində yaranan informasiya kommunikasiya vasitələrini informasiya inqilabı kimi qiymətləndirmirlər. İnformasiya kommunikasiya vasitələrinin yaranması ilə nəticələnən dördüncü informasiya inqilabından fərqli olaraq beşinci informasiya inqilabında artıq İKT fərqli səviyyəyə çatmışdır. Belə ki, beşinci informasiya inqilabı XX əsrin ortalarında mikroprosessor texnologiyasının ixtirası və fərdi kompüterlərin meydana çıxması ilə əlaqələndirilir. 1969-ci ildə ARPANET-in (İnternetin əsası bu şəbəkə ilə qoyulmuşdur) işə salınması ilə vahid şəbəkə formalaşmışdır. Bunun nəticəsi olaraq İKT cəmiyyətin həyatında mühüm rol oynamağa başlamış və artıq cəmiyyətdə aparıcı ünsürə çevrilmişdir. Belə ki, İKT yalnız sənaye və idarəetmədə deyil, artıq bütün sahələrdə istifadə edilməyə başlandı.
İKT-nin yaranması və inkişafı insan hüquqlarının həyata keçirilməsində xüsusi rola malikdir. Belə ki, İKT-nin yaranması və inkişafı nəticəsində insan hüquqları haqqında məlumatları daha rahat əldə edə və bu hüquqlarını səmərəli həyata keçirə bilərlər.
İnformasiya cəmiyyətinin formalaşdığı bir dövrdə bütün dövlətlər qadın və kişilərin bərabərliyini tanıyır. Bir çox dövlətlər qadınların hüquqlarını konstitusiya səviyyəsində qoruyur və bununla bağlı xüsusi tənzimləmələr etməyi zəruri hesab edirlər. Türkiyə Cümhuriyyəti Konstitusiyasının 10-cu maddəsində “Dilindən, irqindən, rəngindən, cinsindən, siyasi düşüncəsindən, fəlsəfi inancından, dinindən, məzhəbindən və bu kimi səbəblərdən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir” deyilir. 2004-cü ildə bu maddəyə “Qadınlar və kişilər bərabər hüquqlara malikdir. Bu bərabərliyin həyata keçirilməsini təmin etmək dövlətin üzərinə düşür” müddəası əlavə edilərək qadın və kişi bərabərliyi vurğulanmış, dövlətin öhdəliyi ortaya qoyulmuşdur. 2010-cu ildə sözügedən maddəyə əlavə edilmiş “Bu məqsədlə görüləcək tədbirlər bərabərlik prinsipinə zidd kimi şərh edilə bilməz”. İfadə qadınlara qarşı müsbət ayrı-seçkiliyə icazə verən tənzimləmələrin konstitusion əsası olmuşdur.
Almaniya Federativ Respublikası Konstitusiyasının 3-cü maddəsində deyilir: “Bütün insanlar qanun qarşısında bərabərdirlər. Kişi və qadın bərabər hüquqlara malikdir. Dövlət qadınlar və kişilər üçün bərabər hüquqların faktiki həyata keçirilməsini təşviq edir və mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür.” Bu maddənin 1-ci bəndindəki “bütün insanlar” ifadəsi, şübhəsiz ki, kişi və qadının bir yerdə olmasını nəzərdə tutsa da, 2-ci bənddə “qadın və kişi” sözləri ayrıca vurğulanır və bərabərlik prinsipinin tətbiqi ehtimala buraxılmır. Daha sonra qadınların əlverişsiz vəziyyətdə olduğu qəbul edilərək və bu problemin aradan qaldırılmasında dövlətin məsuliyyət daşıdığı açıq şəkildə qəbul edildi.
Polşa Konstitusiyasının 33-cü maddəsində deyilir: “Polşa Respublikasında kişilər və qadınlar ailədə, siyasi, sosial və iqtisadi həyatda bərabər hüquqlara malikdirlər. Kişilər və qadınlar, xüsusən də təhsillə bağlı bərabər hüquqlara malikdirlər və eyni dəyərə malik işə görə bərabər əmək haqqı, sosial təminat, dövlət vəzifəsi və ictimai şərəf və fəxri adlara sahib olmaq hüququna malikdirlər.” Bundan əlavə, Polşa Konstitusiyasının 68/3-cü maddəsində “Hamilə qadınlara xüsusi sağlamlıq xidmətlərinin göstərilməsi üçün dövlət orqanları”nın təmin edilməsi ilə, dövlət institusional olaraq hamilə qadınlara əlavə sağlamlıq xidməti göstərməyə borcludur.
Portuqaliya Konstitusiyasının 9/h maddəsində “Kişilər və qadınlar arasında bərabərliyin təşviq edilməsi” dövlətin əsas vəzifələrindən sayılır. Bundan əlavə, Konstitusiyanın 59-cu maddəsində qadınların hamiləlikdən və doğuşdan sonra əmək fəaliyyətinin xüsusi mühafizəsi təmin edilmişdir. 68-ci maddədə deyilir ki, “Qadınların hamiləlik dövründə və doğuşdan sonra xüsusi qayğıya ehtiyacı var, qadın işçilər isə əmək haqqı və imtiyazlarını itirmədən kifayət qədər məzuniyyət hüququna malikdirlər”.
Yuxarıda göstərilən nümunələrdən də göründüyü kimi, bir çox dövlətlər insan hüquqlarını vurğulayan konstitusiya müddəalarını yetərincə görməmiş, qadınlar üçün ayrıca tənzimləmələr aparmağı zəruri hesab etmişlər. Qadınların doğuşdan sahib olduqları xüsusiyyətləri və cəmiyyətdə üzləşdikləri pozuntular nəzərə alınaraq dövlətlərə xüsusi məsuliyyət qoyulmuşdur.
Qadın hüquqlarının müdafiəsi insan hüquqlarının daha yaxşı başa düşülməsinə imkan verən maarifləndirmə və məlumatlandırma fəaliyyəti ilə daha effektiv ola bilər. Mühafizəkar adət və ənənələrin qadın hüquqlarına sanksiya tətbiq edən siyasətlərə çevrilməsi bu effekti artırır. Dövlətlərin insan hüquqları və qadın hüquqlarına baxışı hüquqi tənzimləmələrdə özünü göstərir. Köklü adət və ənənələrin insan hüquqlarının xeyrinə dəyişdirilməsində ən mühüm rol dövlətin üzərinə düşür. Dövlətin qanuni tənzimləmələrlə ayrı-seçkiliyi rədd edən, qadın hüquqlarına önəm verən yeni mədəniyyətlər yaratması və bunları yaşatması mümkündür.
Rəqəmsallaşmanın insan hüquqlarına təsiri qadınların xüsusilə sosial hüquqlarının inkişaf tendensiyasını göstərir. Burada təhsil hüququ başlıca hüquq olaraq şərh edilməlidir. Təhsil ictimaiyyətin əldə etdiyi biliklərini, bacarıqlarını və dəyərlərini bir nəsildən digərinə ötürən bir prosesdir. Daha geniş mənada təhsilə şəxsin düşüncəsinin, xarakterinin və fiziki qabiliyyətinin təsiri ilə həyata keçirdiyi hər hansı bir hərəkət və ya təcrübə daxil edilə bilər. Təhsil inkişafa, həmçinin sosial və iqtisadi uğurlara nail olmaq üçün fərdlərin və icmaların imkanları və potensialına əsaslı təsir göstərir. Təhsil inkişafın, eləcə də insanların gücləndirilməsi üçün lazım olan əsas faktorlardan biridir. Təhsil insanları bilik və məlumatlarla təmin edir, həmçinin özünə hörmət və özünə inam hissi yaratmağa və potensialı reallaşdırmağa kömək edir. Təhsil özü bir insan hüququdur, həm də digər insan hüquqlarını həyata keçirmək üçün əvəzsiz vasitədir. Təhsil qadınların gücləndirilməsində, uşaq əməyinin istismarında və uşaqların təhlükəli əməkdən və cinsi istismardan qorunmasında, insan hüquqları və demokratiyanın təbliğ edilməsində, ətraf mühitin qorunmasında və əhalinin artımını nəzarətdə saxlamaqda mühüm rol oynayır. YUNESKO-nun Baş Direktoru İrina Bokova 2010-cu ildə Beynəlxalq Savadlılıq Günündə “Savadlılıq və qadınlara səlahiyyət verilməsi” mövzusunda çıxış edərkən qeyd etmişdir: “Qadınların təhsilinə investisiya qoymaq çox yüksək nəticələr doğurur: yaşayış yaxşılaşır, uşaq və ana sağlamlığı inkişaf edir və qızların təhsilə çıxışı artır. Qısaca, savadlı qadınlar bütün inkişaf faktorlarına müsbət təsir göstərir”. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” 1979-cu il tarixli Konvensiyanın 10-cu maddəsində qadınların təhsil hüquqları ilə bağlı müddəalar əks olunmuşdur: “İştirakçı-dövlətlər qadınları təhsil sahəsində kişilərlə bərabər hüquqlarla təmin etmək məqsədilə onlar arasında ayrı-seçkiliyi ləğv etmək, o cümlədən kişi və qadınların bərabərliyi əsasında aşağıdakıları təmin etmək üçün bütün müvafiq tədbirləri görürlər: peşə, ixtisas seçimi yönümündə, təhsilə çatmaqda və istər kənd, istərsə də şəhər rayonlarındakı bütün kateqoriyalardan olan təhsil müəssisələrində diplom almaq üçün eyni şərait; bu bərabərlik məktəbəqədər müəssisələrdə, ümumi, xüsusi və ali texniki təhsildə, eləcə bütün peşə hazırlığı formalarında təmin olunur; eyni təlim proqramlarından istifadə etmək, eyni imtahanlar vermək, eyni ixtisaslı müəllim heyətinə, bərabər keyfiyyətli məktəb binalarına və avadanlığa malik olmaq; savadı yaşlılar arasında yaymaq proqramları daxil olmaqla təhsili davam etdirmək proqramlarına, o cümlədən kişi və qadınlar arasındakı hər cür bilik uyğunsuzluğunu mümkün qədər tez bir zamanda azaltmağa yönəldilmiş funksional savad proqramlarına yol tapmaq üçün eyni imkanlar; məktəbi bitirməmiş qızların sayının azaldılması və məktəbi vaxtından əvvəl buraxmış qızlar və qadınlar üçün proqramlar hazırlamaq və s.
Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. Belə ki, buraya təhsil sahəsində də qadınların rolunu aid edə bilərik. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi cinsi əlamət üzrə heç bir fərq qoymadan, imtiyaz və güzəştlər müəyyən etmədən hər bir vətəndaşın təhsil almaq hüququnu təsbit edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri əks olunmuşdur. Belə ki, Qanunun 3.0.3-cü maddəsində təsbitini tapmış bərabərlik prinsipinə görə, bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılmalı və təhsil hüququ təmin olunmalıdır. Bu məqsədlə 5-ci maddə üzrə dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Eyni zamanda, hər bir vətəndaşa bərabər əsaslarla təhsil almaq imkanı yaradılmasına və ayrıseçkiliyə yol verilməməsinə təminat verir. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. Lakin bu kimi bərabərlik hər zaman qoruna bilirmi? Məsələn, bir qadın müəllim kimi çalışmaq üçün orta məktəbə işə daxil olmaq istədiyi halda, onun hicab geyinməsi ona problem yarada bilir. Lakin hər hansı bir kişinin geyimindən asılı olmayaraq, belə məhdudiyyətə məruz qaldığı müşahidə edilmir. Digər tərəfdən isə şagirdlərin, eləcə də tələbələrin hicabla dərslərdə iştirakı təmin olunur. Bu hal bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilərmi? Əslində, təhsil hüququ çərçivəsində qeyd olunan üçüncü qrup şəxslərin dərslərdə iştirakı qanunla yolveriləndir. Lakin müəllim kimi qadının hicab geyinməsinə məhdudiyyətə isə “dünyəvilik” prinsipi çərçivəsində haqq qazandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsiinin presedent hüququnda analoji hala belə qiymət verilmişdir. Belə ki, Dahlab İsveçrəyə qarşı məhkəmə işi üzrə baş örtüyünü qadağan edən tədbirlərin bərabərliyin pozulması kimi deyil, dövlətin ibtidai təhsil sisteminin neytrallığını təmin etmək öhdəliyindən irəli gələn hüquqi vəziyyət olduğu qərara alınmışdır. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu da “Təhsil haqqında” Qanunda olduğu kimi təhsil sahəsində qadınların kişilərlə hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş mühüm təminatları müəyyən edir. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 13-cü maddəsində təhsil sahəsində qadınların kişilərlə hüquq bərabərliyinin müdafiəsinə dair təminatlar əks olunmuşdur ki, bu təminatlar Konstitusiyanın müddəalarına əsaslanır. Hətta həmin maddəyə uyğun olaraq, respublikamızda dərsliklər gender bərabərliyi prinsipinə əsaslanmalıdır. Qadın savadsızlığının hökm sürdüyü hər hansı bir cəmiyyətin inkişafından danışmaq məntiqsizdir. Xalid Hüseyninin söylədiyi kimi: “Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz”.
Ümumiyyətlə, hicab məsələsi AİHM-də din və vicdan azadlığı, ifadə azadlığı, təhsil və təlim çərçivəsində bir çox şikayətlərin mövzusu olmuşdur. Məhkəmənin 10 noyabr 2005-ci ildə qərar verdiyi Leyla Şahin Türkiyəyə qarşı işi hüquqi və siyasi baxımdan çox əhəmiyyətlidir. İşin mövzusu olan hadisə İstanbul Universiteti Tibb Fakültəsinin tələbəsi olan abituriyent Leyla Şahinin 23 fevral 1998-ci il tarixli Tərtibata uyğun olaraq imtahana götürülməməsi və abituriyentin Təlimnaməsinin tələblərə uyğun gəlməməsindən sonra baş verib. AİHM-in 8, 9, 10, 14 və 1 saylı Əlavə Protokolları ilə Avropa İnsan Hüquqları Komissiyasına müraciət edərək, onun 2-ci maddəni pozduğunu iddia edib. Məhkəmənin 4-cü Palatasının 29 iyun 2004-cü il tarixli qərarında Konvensiyanın 9-cu maddəsinin pozulmadığı və 8, 10 və 14-cü maddələrlə və 2 saylı Protokolun 2-ci maddəsi ilə bağlı hər hansı ayrıca məsələnin ortaya çıxmadığı göstərilmişdir. 23 fevral 1998-ci il tarixli məlumata əsasən, “Konstitusiya, müvafiq qaydalar, Dövlət Şurasının, Avropa İnsan Hüquqları Komissiyasının və Universitet İdarə Heyətinin qərarlarına uyğun olaraq, hicablı (çadralı) qadınlar, saqqallı oğlan tələbələr dərslərə, təcrübələrə buraxılmamalıdır. Bu səbəbdən də tələbələrin, təcrübəyə və sinif otağına daxil olmaqda israrlı olanların, nömrələri və adları olmasa da, davamiyyət vərəqlərində hicablı və ya saqqallı tələbələrin sayı və adı yazılmamalıdır. Departamentə, şöbəyə və dekan/direktora dərhal məlumat verilməlidir”. Din və vicdan azadlığı çərçivəsində edilən müraciətlərdə AİHK-in 9-cu maddəsinin pozuntusunun olub-olmamasına qərar vermək üçün ilk növbədə, müraciətin Konvensiyanın 9-cu maddəsinin əhatə dairəsinə daxil olub-olmadığını, maddənin əhatə dairəsində olan hüquqlara müdaxilənin olub-olmadığını, müdaxilə olarsa, müdaxilənin qanunvericiliyə uyğun olub-olmadığını müəyyən etmək lazımdır: “qanunlara uyğunluq” və “demokratik cəmiyyətdə zərurət” şərtləri. 9-cu maddənin birinci bəndi din və vicdan azadlığının şəxsin daxili dünyası ilə bağlı forum internumu adlanan hissəsini qoruyur. Daxili aləmin ideyalarına, inanclarına hər hansı məhdudiyyət və ya dövlət müdaxiləsi qəbuledilməzdir. İkinci paraqraf forum externum adlanan inancların açıqlanmasından bəhs edir. Fərdlərin azadlıqlarını tarazlaşdırmaq üçün bu sahə məhdudlaşdırıla bilər. AİHM ərizə predmeti olan hərəkətin dini inancın təzahürü kimi qiymətləndirilə biləcəyinə qərar verərkən, həmin hərəkətin dinin və ya inancın məcburi ifadəsi olub-olmamasına və dini inancın səmimi təzahürü olub-olmamasına baxır. Düşüncə, vicdan, inanc və əqidə anlayışları fərdi və ya ictimai iradəni ifadə edən və fəlsəfi inancları ehtiva edən geniş anlayışlar olduğundan, AİHM dar bir yanaşma tətbiq edir, baxmayaraq ki, 9-cu maddənin geniş bir müdafiə sahəsi təmin etdiyi düşünülür. Campbell və Cosans qərarında 9-cu maddənin əhatə dairəsini qiymətləndirərkən AİHM qeyd edib ki, Konvensiyanın 10-cu maddəsində “rəylər” ifadəsi “fikirlər” və “düşüncələr” ilə sinonim deyil. Yanışık və Kalaç qərarlarında 9-cu maddənin əhatə dairəsinin hərbçilər üçün dar mənada şərh edildiyi görülə bilər. Yanaşık Türkiyəyə qarşı işində, hərbi akademiya tələbəsi olarkən fundamentalist hərəkatlarda iştirak etdiyi üçün məktəbdən xaric edilən ərizəçi hərbi məktəbə daxil olub. Bildirilmişdir ki, ərizəçi bəzi xüsusi qaydalara tabe olmağı qəbul etmişdir və ərizəçinin məktəbdən qovulması 9-cu maddənin əhatə dairəsində müdaxilə təşkil etmir. Leyla Şahinin işində Məhkəmə ərizənin 9-cu maddə üzrə araşdırılmasını məqsədəuyğun hesab etdi və bildirdi ki, universitetlərdə islami hicab taxmağı qadağan edən qaydalar ərizəçinin dini etiqad azadlığına müdaxilə edir. İşdə ərizəçi Konvensiyanın məktubunda nəzərdə tutulmuş hüquqlarına müdaxilənin qanuna əsaslanmadığını iddia etsə də, Məhkəmə hesab etdi ki, 1998-ci il Sirkulyar əsasında qoyulmuş məhdudiyyətlər onların qanunla müəyyən edilmiş olması şərtini daşıyır. Qərarda Rektorluğun dərc etdiyi sirkulyar “qanun” kimi qəbul edilir. Bildirilmişdir ki, “hüquq” dedikdə yazılı qanun, yazılmamış qanun və hakimlərin yaratdığı qanun nəzərdə tutulur. Məhkəmənin Ümuminaməni qanun kimi qəbul etməsi və Şahinin hüququna qoyulan məhdudiyyətin qanuni olma şərti daşıdığını qəbul etməsi müzakirə mövzusudur.
AİHK-nın 9-cu maddəsinin 2-ci bəndində qeyd olunduğu kimi, din və vicdan azadlığına dövlət tərəfindən qoyulacaq məhdudiyyətlər ictimai asayişin, ictimai əxlaqın, əhalinin sağlamlığının və ya başqalarının hüquq və azadlıqlarının qorunması üçün qanunla müəyyən edilməlidir. Qəbul edilir ki, Konvensiyada nəzərdə tutulmuş məhdudiyyətlər qanuni məqsədə əsaslanır. Tədqiqat zamanı belə qənaətə gəlindi ki, “bir və eyni əhalidə bir çox dinlərin birgə mövcud olduğu demokratik cəmiyyətlərdə müxtəlif qrupların mənafelərini uzlaşdırmaq üçün öz dinini və ya əqidəsini etiqad etmək azadlığına məhdudiyyətlər qoymaq lazımdır. Oxşar Eynilə, 2001-ci ildə qərar verdiyi Dahlab İsveçrəyə qarşı işində AİHM İsveçrədə müəllim işləyən ərizəçinin hicablı halda dərslərdə iştirakının qadağan edilməsini müxtəlif qrupların maraqlarını uzlaşdırmaq üçün zəruri hesab etmişdir.
Emel Boyraz Türkiyəyə qarşı qərarı iş həyatında gender ayrı-seçkiliyinə diqqət çəkməsi baxımından əhəmiyyətlidir. İddia edilən işdə ərizəçi Emel Boyraz 1999-cu ildə TEDAŞ-a dövlət qulluqçusu vəzifəsinə təyin edilib və təyinatından təxminən bir il sonra TEDAŞ-ın Batman şöbəsi “kişi olmaq” və “hərbi xidməti başa vurmaq” şərtlərini yerinə yetirmədiyinə görə onun dövlət qulluğundan işdən çıxarıldığı bildirilib. Emel Boyraz ərizəsində ilk olaraq bərabərlik və ayrı-seçkilik etməmək prinsiplərinin pozulduğunu iddia edib. Baxmayaraq ki, Konvensiya dövlətlərə fərqli rəftarın tələb olunub-olunmaması ilə bağlı müəyyən mülahizələr verir, təqdir marjasının əhatə dairəsi gender bərabərliyinə gəldikdə daralır. Beləliklə, 2012-ci ildə qərara alınan Konstantin Markin Rusiyaya qarşı işində AİHM qadın əsgərlərə doğuşdan sonra məzuniyyət verilməsini, kişi əsgərlərə atalıq məzuniyyəti verilməməsini mülahizə baxımından şərh edib və ayrı-seçkiliyin olduğuna qərar verib. Hazırkı işdə Hökumət iddia etdi ki, sözügedən iş kənd yerlərində gecə saatlarında aparılıb. İş tələb edə biləcəyi üçün bunun qadınlar üçün uyğun olmadığı iddia edilsə də, AİHM administrasiyanın rəyinin diferensial rəftar çərçivəsində olduğuna qərar verdi, çünki qadınların hansı baxımdan təhlükəsizlik vəzifələrini yerinə yetirmək üçün qeyri-adekvat olduğu aydın şəkildə göstərilməmişdir. Nümunə olaraq AİHM oxşar yanaşmanı qəbul etdi və tətbiqini öz mülahizəsindən kənarda qiymətləndirdi. Emel Boyrazın peşəyə uyğun olmadığı səbəbilə dövlət qulluğundan uzaqlaşdırılması da işin başqa tərəfidir. Hökumət tərəfindən dövlət qulluqçularının işləmək hüququnun Konvensiya tərəfindən qorunmadığı iddia edilirdi, lakin AİHM iddia edirdi ki, dövlət qulluqçuları təyin edilmiş şəxsin vəzifədən azad edilməsində hüquq pozuntusu olarsa, o, Konvensiya ilə qorunacağını bildirib. Bir şəxsin şəxsi kimliyi ilə birbaşa bağlı olan cinsinə görə işdən çıxarılması şəxsi həyata müdaxilə deməkdir. AİHM Boyrazın işdən çıxarılması nəticəsində dəymiş maddi və mənəvi zərəri, hətta üzləşə biləcəyi maddi itkiyə görə yaxın qohumlarının dəymiş ziyanını Konvensiyanın 8-ci maddəsi çərçivəsində qiymətləndirib.
Göründüyü kimi, müasir dövrdə qadınların hüquqlarının tanınması və müdafiəsi yalnız milli səviyyədə deyil, beynəlxalq və regioanl təcrübədə də göz önündədir. Lakin bütün bunlara baxmayaraq, rəqəmsal əsrdə də qadınların insan hüquqlarının əksəriyyəti sadəcə cinsinə görə pozulur. Burada qadınların hüquqi dəstəklənməsi üçün bəzi əsasları qeyd etmək lazımdır:
– Qadınlar bəzi elementar hüquqlardan məhrumdurlar. Buna misal olaraq qadın sünnətini göstərmək olar. Təxminən 80 milyon qadın bu qəddar ənənənin qurbanıdır.
– Qaçqın qadınlar həssas olduqları üçün zorlama və cinsi zorakılığın qurbanı olublar və onların insan hüquqlarından xüsusi müdafiəyə ehtiyacı vardır.
– İnsan qaçaqmalçılığı təşkilatları tərəfindən qadın və qızların alveri dünyanın müxtəlif yerlərindən Avropaya və dünyanın digər ölkələrinə geniş miqyas alıb. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, cinayətkar qrupların hər il bu cür qeyri-qanuni fəaliyyətdən 8-9 milyard dollar qazanc əldə etdikləri anlaşılır.
– Qadınlara qarşı zorakılıq, xüsusən də evdə və ailə təcridxanasında, adətən, ailə münasibətləri və ya qadınlarla əlaqəsi olan kişilər tərəfindən törədilir.
– Hər il yarım milyondan çox qadın hamiləlik və doğuş səbəbindən ölür ki, bunun da 99 faizi (99%) inkişaf etməkdə olan ölkələrdə baş verir.
Qadınların insan hüquqlarına nail olmaq üçün onların həm hüquq haqqında düşüncə tərzini, həm də həyatları haqqında danışıq tərzini dəyişmək lazımdır. Tarixən gender və bioloji fərqlərlə bağlı çatışmayan məsələlər insan hüquqlarının çatışmayan problemləri kimi tanınmamışdır. Əslində, müxtəlif qurumlar qadınların pis rəftara məruz qalmasının insan hüquqlarının müdafiəsinə diqqət yetirərək, gender əsaslı modulyasiyalar üzrə tədqiqat üçün effektiv metodlar yaratmaqda hələ də acizdirlər. Bir çox qızlar və qadınlar da öz insan haqlarından xəbərsizdirlər və onu müəyyən edən uyğunluqların və sənədlərin mövcudluğundan belə xəbəri yoxdur. Bu kimi bir çox məsələlər onların hüquq və azadlıqlarının qorunmasına əvvəlkindən daha çox diqqət yetirmək zərurətindən xəbər verir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
Dərslik, dərs vəsaiti, monoqrafiya və elmi məqalələr:
- Əliyev Ə.İ. İnsan hüquqları: Dərslik. Bakı: Nurlar, 2019, 352 s.
- Əliyev Ə.İ., Əliyev E.Ə., Məhərrəmov A.A., Məmmədov Ə.Q., Hüseynova F.E. Avropa hüququ. Dərslik. Bakı: Günəş –B, 2016, 764 s.
- Əliyev Ə.İ., Rzayeva G.A., İbrahimova A.N., Məhərrəmov B.A., Məmmədrzalı Ş.S. İnformasiya hüququ. Dərslik. Bakı: “Nurlar” nəşriyyatı, 2019, 448 s.
- Əliyev Ə.İ. Müasir Beynəlxalq Hüquqda İnsan Hüquqları, Əhali və Miqrasiya Problemləri. Dərslik. Bakı, 2007, 484 s.
- Əliyev Z.H. Avropa İnsan Hüquqları Məhkəməsi. Dərs vəsaiti. Bakı, 2012, 232 s.
- Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər. Dərs vəsaiti. Bakı, 2018, 187 s.
İnternet resursları:
- Avropa İttifaqı hüquqi sənədlərinin elektron bazası – EUR-Lex. https://eur-lex.europa.eu/homepage.html
- Avropa İttifaqının rəsmi saytı https://europa.eu/european-union/index_en
- Avropa Şurasının rəsmi saytı. https://www.coe.int/en/web/portal
- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi – Normativ hüquqi aktların vahid internet elektron bazası. http://www.e-qanun.az/
- BMT-nin rəsmi saytı. https://www.un.org/en/
- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin rəsmi saytı. https://www.echr.coe.int/Pages/home.aspx?p=home